Məcid Seyidov gimnastlarla görüşüb

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Naxçıvan şəhərində Aytən Budaqovanın məşqçisi olduğu bədii gimnastika bölməsində məşq prosesini izləyib, gimnastlarla görüşərək gələcək planlarla bağlı fikirlərini diqqətə çatdırıb.

Nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə idmanının inkişafı və qazanılan nailiyyətlər barədə danışıb. Bildirib ki, ölkəmizdə sevilən və kütləviliyi ilə seçilən idman növlərindən biri kimi bədii gimnastikanın inkişafına xüsusi önəm verilir. Birinci vitse-prezident, eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastika idman növləri ölkəmizdə yüksək templə inkişaf edir, bu sahədə böyük nailiyyətlər əldə olunur. Məcid Seyidov əlavə edib ki, təmsil etdiyi qurumla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AGF arasında uğurla davam edən əməkdaşlıq əlaqələri konteksində muxtar respublikada gimnastikanın inkişafı daim diqqətdə saxlanılır, məşqçi və idmançıların beynəlxalq yarışlarda, festival və təlim-məşq toplanışlarında iştirakı təmin olunur, maddi-texniki baza gücləndirilir.

Göstərilən diqqətə görə minnətdarlığını bildirən məşqçi Aytən Budaqova bölmənin fəaliyyəti və idmançıların hazırlıq vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, 2019-cu ildən fəaliyyət göstərən bədii gimnastika bölməsində hazırda müəyyən qruplar üzrə ümumilikdə 100-ə yaxın uşaq məşqlərdə iştirak edir. Məşqlər Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və özəl fitness mərkəzində keçirilir. Bölmədə yüksək potensiallı idmançıların olması gələcək adına ümidvericidir.

Həmsöhbət olduğu məşqçi və idmançıların hazırlıq vəziyyətini dəyərləndirən Məcid Seyidov qeyd edib: “Nazirliyin əsas hədəflərindən biri də dövlət idman siyasəti çərçivəsində bütün idman növlərində balanslı dəstək mexanizmini icra etməkdir. Bölmənin fəaliyyəti bizi sevindirir və gələcək inkişafı ilə bağlı məsələlər diqqətimizdədir”. Nazir müavini məqşçi və idmançıların yarışlarda iştirakı, təlimlərə cəlbi və digər nüanslara toxunub, bölmənin işinə dəstək göstəriləcəyini bildirib.